Bakı. Trend:
Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulur:
- Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 (on) manat.
- Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 (altı) manat.
- Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 (altı) manat.
Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə (bundan sonra – reyestr) daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını üç ay müddətində müəyyən edib həmin informasiya sistemlərinin reyestrə inteqrasiyası üçün tədbirlər görsün; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Maliyyə Bazarlarına Nəzarət Palatasına fərmandan irəli gələn məsələləri həll etmək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.