...

Gürcü müşahidəçi: Azərbaycanda seçki prosesi demokratik seçki standartlarına tamamilə uyğundur

Siyasət Materials 11 Aprel 2018 15:00 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova, Ləman Zeynalova - Trend:

Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına və demokratik seçki standartlarına tamamilə uyğundur.

Bunu Trend-ə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Parlament Assambleyası yanında Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Moxidze deyib.

Onun qənaətincə, Azərbaycanda səsvermə prosesi sakit qaydada keçirilir: "Missiyamızın baş çəkməyə imkan tapdığı bütün seçki məntəqələrinə seçicilərin intensiv gəlişi müşahidə olunur".

G.Moxidze qeyd edib ki, Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına, ATƏT və Avropa Şurasının standartları daxil olmaqla, demokratik seçki standartlarına tamamilə uyğundur.

O əlavə edib ki, səsvermə zamanı heç bir pozuntu qeydə alınmayıb və artıq görünür ki, seçici iştirakı sürətlə artacaq:

"Güman edirəm ki, bu seçkilər indiyədək beynəlxalq müşahidəçi qismində iştirak etdiyim ən yaxşı seçki proseslərindən biridir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti