...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 29 Aprel 2018 16:15 (UTC +04:00)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxılar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və açılış mərasimi keçirilib.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Səbinə Əfəndi ifa etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Fox Sport” televiziya kanalına müsahibə verdi.

Prezident İlham Əliyev: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq.

Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?

Prezident İlham Əliyev: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq.

Müxbir: Təşəkkür edirəm.

Azərbaycan himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton çatdı. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti