...

XİN: Qondarma rejimə maliyyə dəstəyi göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır

Siyasət Materials 8 May 2018 10:14 (UTC +04:00)
Qondarma rejimə maliyyə dəstəyi göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır.
XİN: Qondarma rejimə maliyyə dəstəyi göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək qeyri-qanuni maliyyə qoyuluşları aparılıb və bu, indi də davam etdirilir. Bu ərazilərdə yaradılmış qondarma rejimin fəaliyyətinə dəstək göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amillərindən biridir: “Belə münaqişələr regionlarda qeyri-sabitliyə gətirib çıxarır. BMT-nin qətnamələrinə görə, münaqişə həll olunmalıdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilib. Bu qətnamələrdə təkrarən təsdiqlənib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”.

K.Xasıyev deyib ki, ümumilikdə beynəlxalq cəmiyyətin fikirlərinə, beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Ermənistan işğalçı mövqeyindən geri çəkilməyib:

“Ermənistan status-kvonu saxlamağın tərəfdarıdır. O, fiziki güclərini möhkəmləndirməyə çalışır, orada yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını alır. Son illər ərzində də təmas xətti boyunca Ermənistan-Azərbaycan qüvvələrinin dayandığı ərazilərdə Azərbaycan kəndlərinin atəşə tutulması davam etdirillib, Azərbaycan vətəndaşları da hədəf olub”.

Onun sözlərinə görə, Azərbaycan gözləyir ki, Avropa İttifaqı və ona üzv ölkələr beynəlxalq öhdəliklərə uyğun olaraq, eyni vəziyyətlərdə tətbiq etdiyi müəyyən iqtisadi-siyasi tədbirləri işə salsın. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilər: “Bu, hər hansı malların, xidmətlərin Dağlıq Qarabağa satılmasının qarşısını ala bilər. Ümid edirik ki, bu addım qeyri-qanuni əməliyyatların qarşısını alacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti