...

“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib (FOTO)

Siyasət Materials 23 May 2018 12:15 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib.
“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, 1918-ci ilin mayında yaradılan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub.

A.Quliyev bildirib ki, Xalq Cümhuriyyətinin yaradılması uzun illərdən sonra dövlətçilik ənənəsinin bərpası idi: "1918-ci ildə Şimali Azərbaycan Rusiyadan vahid dövlət şəklində ayrıldı. Xalq Cümhuriyyətini quranlar fədakar insanlar idi. Əgər Xalq Cümhuriyyəti olmasaydı, biz 1991-ci ildə SSRİ parçalananda Rusiyanın subyekti olacaqdıq. Biz bunu Tatarıstan və digərlərinin nümunəsində görürük. Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutunun yeganə səbəbi Rusiya imperiyası olmadı, həm də daxili çəkişmələr oldu. Parlamentdə çoxsaylı qruplar, o cümlədən ermənilərin fəaliyyətini qeyd etmək lazımdır".

O, 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin xüsusi rolu olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov "Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir" mövzusunda məruzə ilə çıxış edib.

O qeyd edib ki, Heydər Əliyevə Xalq Cümhuriyyətinin tarixi, o cümlədən İrəvanda azərbaycanlılara qarşı hansı soyqırımların, faciələrin törədildiyi məlum idi:

"Heydər Əliyevin göstərişi ilə tarixçilər Xalq Cümhuriyyətinin adını dəqiqləşdirib, tarixi araşdırmağa başlayıblar. Prezident İlham Əliyev də Xalq Cümhuriyyətinin tarixinin araşdırılmasının davam etdirilməsini tapşırıb. 2014-cü ildə dövlət başçısı hazırlanan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası ilə tanış olub və bu ensiklopediya dərc olunub. Bundan sonra da Xalq Cümhuriyyətinin tarixinin araşdırılması davam edəcək".

Konfrans müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti