...

"Xalq Cümhuriyyəti ili" çərçivəsində Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələrinin ucaldılması təklif edilir

Siyasət Materials 24 May 2018 15:09 (UTC +04:00)
“Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar".
"Xalq Cümhuriyyəti ili" çərçivəsində Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələrinin ucaldılması təklif edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

“Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar. Sənəddə çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir”.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.

Y.Mahmudov qeyd edib ki, hələ BDU-nun Tarix fakültəsinin dekanı olan zaman Heydər Əliyev çox böyük tarixçi heyəti toplayaraq “Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası (ADR) kimi yayılıb” deyə bildirdi: "Biz məsələni araşdırdıq. Dəfələrlə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə görüşdük, sənədlərlə tanış olduq və daha sonra Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, dövlət İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti adlandırılsın”.

Y.Mahmudov bildirib ki, Cümhuriyyət parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil: “Cümhuriyyət dövründə parlamentçilik tariximiz 1918-ci il mayın 27-dən başlayır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin müsəlman fraksiyası əsasında Azərbaycan Milli Şurası (Azərbaycan parlamenti) formalaşıb. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul edib”.

Akademik deyib ki, “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələri ucaldıla bilər: “Abidənin mərkəzində Nuru paşanın, onun sağında Səməd bəy Mehmandarovun, solunda isə Əliağa Şıxlinskinin heykəllərini təsəvvür edirəm. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanmasını istəyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti