...

İtaliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Siyasət Materials 25 May 2018 01:30 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
İtaliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın İtaliyadakı səfirliyi Romanın “Hotel The St. Regis Rome” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, rəsmi qəbulda İtaliya tərəfdən əsas qonaq qismində İtaliya Senatının sədri Maria Elisabetta Kasellati və xarici işlər nazirinin müavini Benedetto Della Vedova iştirak ediblər. Rəsmi qəbula, həmçinin İtaliyanın icra və qanunvericilik orqanlarının nümayəndələri, çoxsaylı senator və deputatlar, diplomatik korpusun üzvləri, elmi-akademik, işgüzar, mədəniyyət dairlərinin təmsilçiləri qatılıblar.

İlk öncə Azərbaycan və İtaliya dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışaraq ilk dəfə məhz Azərbaycan xalqının müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoyduğunu bildirib və bu cumhuriyyətin Azərbaycan tarixindəki rolundan bəhs edib. Diplomat Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yol, ölkəmizin əldə etdiyi nailiyyətlər, regional sabitlik və əməkdaşlığa verdiyi töhfələri, Avropanın enerji təhlükəsizliyindəki rolu, multikulturalizm ənənələri barədə danışıb. Azərbaycan-İtaliya əlaqələrinə toxunan diplomat iki ölkə arasında ənənəvi olaraq yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu, Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı qəbul edilmiş birgə bəyannəmədə əks olunduğu kimi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. İki ölkə arasında güclü iqtisadi əməkdaşlıq barədə məlumat verən diplomat Cənub Qaz Dəhlizinin, o cümlədən Trans Adriatik Boru Kəmərinin istər Avropanın enerji təhlükəsizliyinə, istərsə də Azərbaycan-İtaliya əlaqələrinə töhfəsindən danışıb. Humanitar, mədəniyyət və təhsil sahələrində qarşılıqlı mübadilələrin əhəmiyyətinə də toxunan diplomat, bu xüsusda Heydər Əliyev Fondunun önəmli töhfələrindən, eləcə də Bakının Expo 2025 sərgisinə ev sahibliyi üçün namizədliyindən bəhs edib.

Ardınca çıxış edən İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı öz təbriklərini çatdıraraq belə bir mərasimdə iştirak etməkdən və İtaliya və Azərbayan arasında yaxın dostluq əlaqələrini təmsil etməkdən məmnunluq hissi keçirdiyini bildirib. İtaliya Senatının sədri Azərbaycanın Avropa ölkələri ilə tarixi və mədəni bağlantılarını, o cümlədən İtaliya ilə iqtisadi, ticarət və mədəniyyət sahələrində güclü əməkdaşlığını nəzərə alaraq, əlaqələrin daha da dərinləşəcəyinə ümidvar olduğunu deyib və Azərbaycanın Qərb və Şərq arasındakı bağlantıda sabitlik və inkişaf nöqteyi-nəzərdən önəmli istinad nöqtəsinə çevrilməli olduğunu bildirib.

Son olaraq çıxış edən İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini təmsil etdiyi və fəaliyyətini tamamlamaqda olan hökumətin İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində addımlarından danışıb. Bu müddət ərzində iqtisadi, enerji sahəsində əməkdaşlığın inkişafına və TAP layihəsi ilə bağlı irəliləyişlərə nail olunduğunu deyən nazir müavini növbəti müddətdə də iki ölkə arasında əlaqələrin davamlı şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ziyafətlə davam etdirilən tədbirdə Bakının Expo 2025 sərgisinə ev sahibliyi üçün namizədliyinə dair video çarxlar nümayiş etdirilib və ölkəmizin tarixi, mədəniyyəti və həqiqətləri barədə italyan dilində nəşrlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti