...

Prezident İlham Əliyev: Siyasi və iqtisadi transformasiya istiqamətində aparılan siyasət uğurlu olub

Siyasət Materials 31 May 2018 19:35 (UTC +04:00)
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 61-ci kitabı çapdan çıxıb.
Prezident İlham Əliyev: Siyasi və iqtisadi transformasiya istiqamətində aparılan siyasət uğurlu olub

Bakı. Trend:

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 61-ci kitabı çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 61-ci kitabındakı materiallar 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm hadisələrdən biri Davos Forumu olub. Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edib. Kitaba Azərbaycan Prezidentinin Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərinə, keçirilən tədbirlərdə, o cümlədən “Avrasiya – yeni sərhədlər” mövzusunda sessiyada, “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda iştirakına dair materiallar toplanıb.

“Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür”, - deyə dövlətimizin başçısı “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda çıxışı zamanı bildirib.

Azərbaycan Respublikası Prezidentinin Belçika Krallığına, Soçidə Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiya Federasiyasına və Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Niderland krallığına işgüzar səfərləri, habelə həmin dövrdə Türkiyənin Baş nazirinin, Gürcüstan Prezidentinin, Monako knyazının Azərbaycana səfərləri zamanı apardığı danışıqlara dair materiallar verilib.

Bu cilddə dövlətimizin başçısının məktubları, nitq və çıxışları, KİV-lərə bəyanat və müsahibələri də yer alıb.

Çoxcildliyin bu kitabına, həmçinin Azərbaycan Prezidentinin Niderland, Bolqarıstan, Qazaxıstan, Türkiyə, İran, Almaniya, Fransa, Rusiya, İtaliya, Avstriya və digər ölkələrin, habelə ATƏT, ISESCO, İƏT və digər beynəlxalq təşkilatların Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasda, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda söylədiyi nitqlərin mətnləri ilə, Gəncə, Sumqayıt şəhərlərinə, Göygöl rayonuna səfərlərinə, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 61-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti