...

Elmar Məmmədyarov: Ermənistan dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, Azərbaycan ərazilərinin işğalını davam etdirir

Siyasət Materials 24 Sentyabr 2018 23:33 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun 3-cü iclasında iştirak edib.
Elmar Məmmədyarov: Ermənistan dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, Azərbaycan ərazilərinin işğalını davam etdirir

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun 3-cü iclasında iştirak edib.

İclasda çıxış edən Elmar Məmmədyarov İƏT-in Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyətini BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında birmənalı olaraq işğal kimi qiymətləndirdiyini və Azərbaycana qarşı gücdən istifadəni və ərazilərin işğalını ən sərt şəkildə pislədiyini deyib. Nazir İƏT üzvü olan ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə və həmrəylik nümayiş etdirdiklərinə görə bir daha təşəkkürünü ifadə edib.

Elmar Məmmədyarov bildirib ki, münaqişənin başlamasından 25 ildən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələblərinə və BMT Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin işğalını davam etdirir. Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda, nəticələrə yönələn danışıqlar aparmaqdan imtina edir, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir. Bu yaxınlarda Ermənistandakı hərbi diktatura rejimi devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər fəaliyyətin bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulması idi.

“Təəssüf ki, yeni rəhbərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı”, - deyən nazir bildirib ki, sentyabrın 26-da Nyu-Yorkda erməni həmkarı ilə görüşü planlaşdırılır. Ermənistanda davamlı qeyri-sabit daxili siyasət yürüdüldüyü və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirinin sonuncu bəyanatları və əməlləri vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirmək niyyəti daşıyır. Bu mənfi ssenarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərinə düşür.

Nazir deyib: “Biz ümid edirik ki, İƏT üzvü olan ölkələrin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uyğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupunu təşkilatın münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır. İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyənləşdirmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT-in baş katibi tərəfindən irəli sürüləcək”.

Sonda Elmar Məmmədyarov həmin təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti