Bakı. Trend:
Ermənistanın baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində iştirak etməsi barədə açıqlamaları destruktiv xarakter daşıyır və tamamilə qəbuledilməzdir.
Bunu N.Paşinyanın qondarma rejimin danışıqlar prosesinin tərkib hissəsi olması və operativ əlaqənin qurulması barədə fikirlərini şərh edən Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib və işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu davam edir:
"Ona görə də beynəlxalq hüququn imperativ normalarından irəli gələrək münaqişə tərəfi kimi məsuliyyət daşıyan dövlət Ermənistan Respublikasıdır. Bu kimi zərərli ritorikanın əvəzinə mövcud format və gündəlik əsasında nəticə yönümlü danışıqlar intensivləşdirilməlidir.
Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəldikdə isə onu deyə bilərik ki, bu, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyildir. Bu kimi operativ əlaqə işçi qaydada müəyyən aşağı səviyyələr çərçivəsində qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan müəyyən təmasların olması normal haldır".