Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib.
Trend-in məlumatına görə, X.Xələfov jurnalistlərə açıqlamasında deyib ki, bu, Azərbaycana olan etimadın göstəricisidir:
"Azərbaycan və Rusiyanın strateji tərəfdaşlıq münasibətləri var. Həmçinin ABŞ və Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün mühüm platformaya seçilib".
Nazir müavini əlavə edib ki, ümumiyyətlə, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb".
Qeyd edək ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı K.Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov arasında görüşün dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulur.