...

Ekspert: Rusiyaya uğursuz səfər Paşinyanın balanslı xarici siyasət doktrinası yarada biləcəyi ilə bağlı son ümidləri də məhv etdi

Siyasət Materials 30 Dekabr 2018 11:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkilərindən sonra Moskva səfərinə böyük ümidlərlə getsə də, 2018-ci ilin may ayından Rusiya-Ermənistan münasibətlərində başlanmış gərginlik bir az da dərinləşdi və əslində iki ölkənin münasibətlərindəki aktual problemlərin heç biri həll edilmədi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində çoxdan gündəmin əsas mövzusu olan qaz satışının qiyməti barədə razılaşma da əldə edilmədi: "Həmçinin səfər zamanı Dağlıq Qarabağ problemi ilə əlaqədar ətraflı müzakirə aparıldığına dair heç bir məlumat yoxdur, iki ölkənin münasibətlərinin konkret məsələlər üzərində dərinləşdiriləcəyinə dair hər hansı mesajlara rast gəlinmədi və s. Üstəlik, Paşinyan formal nəzakət xatirinə olsa belə, Rusiya liderindən seçki və yeni il münasibətilə təbriklər ala bilmədi. Əksinə, Paşinyanın var gücü ilə təqib etdirdiyi siyasi rəqibi olan Robert Koçaryan hətta həbsxanada olduğu halda Rusiya liderindən ad günü ilə bağlı xüsusi təbrik məktubu aldı. Bunlar böyük siyasətdə kiçik faktlar sayılmır və hər birinin cari və perspektiv anlamda böyük mənası var. Faktiki olaraq RF lideri göstərdi ki, Paşinyanın siyasətindən məmnun deyil, Rusiyanın önəm verdiyi siyasi fiqurların siyasi repressiyalara məruz qoyulmasına çox anormal baxır və ən əsası isə budur ki, Putin Koçaryanın ad gününə Paşinyanın öz aləmində böyük dəyər verdiyi seçki qələbəsindən böyük əhəmiyyət verdi".

A.Quliyev qeyd edib ki, Moskvada Putin-Paşinyan danışıqları Rusiyanın hazırda Ermənistanla münasibətlərə regional sülh və inkişaf nöqteyi-nəzərindən hər hansı bir önəm verdiyinə dair heç bir mesaj vermədi:

"Görüşün nəticəsi olaraq daha çox iki tezisin üzərində dayanmağa əsaslar var: "Birincisi odur ki, Paşinyan özünün ziddiyyətli siyasəti ilə iki ölkənin əməkdaşlığına qeyri-müəyyən və narahatlıq doğuran elementlər gətirdi. İkincisi isə Rusiya Ermənistana artıq həm regionda, həm də qlobal miqyasda tam etibarlı tərəfdaş və müttəfiq kimi baxmağa çox ehtiyatla yanaşır. Paşinyanın özünün də görüşdən çox məyus olduğu keçirdiyi mətbuat konfransında ifadə etdiyi baş-ayaq mətləblərdən və narahat emosional vəziyyətdən çox aydın sezilirdi. Paşinyan daxili siyasətdə uğursuz olduğu kimi, xarici siyasət sahəsində də Ermənistanın qarşısındakı vəzifələrin həllində səriştəsiz və bacarıqsız olduğunu ən azı bütün erməni cəmiyyətinə göstərdi".

Ekspert xüsusi vurğulayıb ki, Rusiyanın dövlət elitası və şəxsən Vladimir Putinin özünün bu görüşdən çox maraqlı nəticələr çıxardığını böyük ehtimalla söyləmək olar: "İndi Rusiyada çoxları əmindir ki, Paşinyan böyük regional və qlobal siyasi-iqtisadi-strateji layihələrin səmərəli müzakirə edilə biləcəyi lider deyil. Məncə, Moskvada Putinlə son uğursuz və nəticəsiz müzakirədən sonra həm Rusiyada, həm də daha çox Ermənistanın özündə yeni bir ciddi siyasi fiqurun axtarış cəhdləri intensivləşəcək. Moskvadakı uğursuzluq Paşinyanın balanslı xarici siyasət doktrinası yarada biləcəyi ilə bağlı kimlərdəsə olan-qalan son ümid işartılarını da məhv etdi. Ermənistanın daxili və xarici siyasətdə yeni silsilə uğursuzluqlar mərhələsinin əsasının qoyulduğunu düşunmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti