Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycanlılarla çeçenlər arasında münaqişənin yaranmasında maraqlar barədə bir neçə versiya ola bilər və bu versiyaların hər biri mümkündür.
Bunu özəl olaraq Trend-ə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvada baş vermiş insidenti şərh edərkən deyib.
Nazirin sözlərinə görə, bu insident Rusiyada yaşayan iki nüfuzlu icmanı bir-birindən küsdürmək və bununla etnik zəmində toqquşmalar yaratmaq cəhdidir:
“Birincisi, biz buna imkan verməyəcəyik. İkincisi, konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik”.
Daha sonra nazir Azərbaycan xalqına səslənib:
“Mən Azərbaycan xalqının ünvanına demək istəyirəm: Sənə sülh arzu edirəm, Azərbaycan. Azərbaycan xalqını təhqir edən və ya azərbaycanlıların adından çeçen xalqını təhqir edən hər kəs cəzalandırılacaq. Biz bu barədə azərbaycanlı qardaşlarımızla çoxdan razılığa gəlmişik və bütün hüquqazidd əməllərin qarşısını alacağıq”.
C.Umarov əlavə edib ki, cinayətkarlıq heç vaxt Azərbaycan və Çeçenistanın qardaş xalqları arasında inkişaf və mehriban qonşuluq yolunda maneə olmayacaq.
Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.