...

Millət vəkili: Məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısından çox razıdırlar

Siyasət Materials 27 Fevral 2019 15:16 (UTC +04:00)
Bu sərəncam qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır.
Millət vəkili: Məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısından çox razıdırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində növbəti addımdır. Bunu Trend-ə Milli Məclisin Ağdamdan seçilən deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət göstərir, davamlı şəkildə bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalayır:

“Bu sərəncam qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır. Cənab Prezident bu sərəncamı ilə minlərlə məcburi köçkün ailəsinə böyük sevinc bəxş etdi. Dövlət həmişə qaçqın və məcburi köçkünləri diqqətdə saxlayıb, onların sosial müdafiəsini gücləndirib, eyni zamanda, məcburi köçkünlər müasir tələblərə cavab verən mənzillərlə təmin edilib. Bu il də inzibati binalar, yataqxanalar, yarımçıq tikililər, məktəblər və sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq, binalar tikiləcək və onlar mənzillə təmin ediləcəklər".

Millət vəkili qeyd edib ki, məcburi köçkünlər də Prezident İlham Əliyevin onlara göstərdiyi qayğıdan çox razıdırlar: "Mən məcburi köçkün seçicilərimi qəbul edərkən onlar hər zaman dövlət başçısının siyasətini dəstəklədiklərini və Prezidentin ətrafında sıx birləşdiklərini bildirirlər".

B.Əliyev onu da əlavə edib ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin də həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görüb və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir:

“Bütün bunlar isə cənab Prezidentin böyük zəhmətinin və uğurlu siyasətinin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz vəsaiti hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə və onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti