...

Hikmət Hacıyev Berlində Dağlıq Qarabağ münaqişəsi ilə müzakirələr aparıb (FOTO)

Siyasət Materials 19 Mart 2019 13:29 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 18 mart 2019-cu ildə Almaniyanın paytaxtı Berlinə işgüzar səfər edib.

Azərbaycanın Almaniyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, H.Hacıyev səfər çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici siyasət idarəsinin rəisi Tomas Baqqer və Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertlə görüşlər keçirib.

H.Hacıyev, eyni zamanda Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən dəyirmi masada iştirak edib, həmçinin Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" simpoziumuna qatılıb.

Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.

H.Hacıyev ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. O, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişatı, eləcə də Ermənistanın yeni rəhbərliyindən olan gözləntilərimizi həmsöhbətlərinin diqqətinə çatdırıb.

Görüşlərdə Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı maraqlara söykənən konstruktiv əməkdaşlıq məsələləri, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika, Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqe və münaqişənin həlli prosesinə dəstək imkanları, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə ətraflı söhbət aparılıb. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın regiondakı etibarlı tərəfdaşı, o cümlədən əsas iqtisadi tərəfdaşı adlandırıb, ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini yüksək qiymətləndirib və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları alqışlayıblar.

H.Hacıyevin Berlində keçirdiyi görüşlərdə, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti