...

YAP-ın Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyə olunub (YENİLƏNİB 2)

Siyasət Materials 28 Noyabr 2019 15:08 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.
YAP-ın Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyə olunub (YENİLƏNİB 2)

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib: "Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyası, onun nailiyyətləri və uğurları Azərbaycan cəmiyyətində ciddi müzakirə olunur, insanlar bu islahatların faydasını gördüklərini etiraf edirlər və islahatları dəstəkləyirlər. Təbii ki, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyənlərin ilk sırasında dayanır. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək. Keçirilən islahatlar həyatımızın bir çox sahələrini əhatə edir. Bu islahatların qarşısında duran başlıca vəzifə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsinə nail olunması, Azərbaycanın gücünün və qüdrətinin daha da artırılması, bunların zəminində Azərbaycanın sosial inkişafının daha yüksək templə həyata keçirilməsinin təmin edilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olunmasından ibarətdir.

2019-cu ili Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların daha dinamik aparıldığı il hesab etmək olar. Bu il ərzində çox əhəmiyyətli islahatlar həyata keçirilib, bundan sonra da həmin islahatların həyata keçirilməsi xətti davam etdiriləcək. Xüsusilə 2019-cu ildə Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla hamının məmnunluğuna səbəb olan sosial paketlər həyata keçirilib. Digər tərəfdən struktur və kadr islahatları aparılıb ki, Azərbaycan cəmiyyətində geniş müzakirə predmeti olan bu məsələlər həyata keçirilən dəyişikliklər nəticəsində insanların razılığı ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli, geniş əhatəli xarakter alıb. Bu ondan xəbər verir ki, islahatlar həyatımızın istisnasız olaraq bütün sferalarını əhatə etməlidir. Düşüncə ondan ibarətdir ki, islahatların sistemli xarakter almasını və qarşısına qoyduğu məsələlərin uğurla həyata keçirilməsinin çox vacib şərtlərindən biri həyatın bütün sferalarında islahatlar konsepsiyasının həyata keçirilməsidir. Azərbaycanda hakimiyyətin hər iki qolunda bu günə qədər islahatlar uğurla həyata keçirilir və bu gün də keçirilməlidir. İstər struktur sahəsində, istərsə də kadr sahəsində, icra hakimiyyətində, məhkəmə-hüquq hakimiyyəti sahəsində islahatlar keçirilir, bu xətt bundan sonra da davam edəcək. YAP üzvləri belə qənaətə gəlib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsini məqsədəuyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və bu addım da həyata keçirilən islahatlara uğur gətirə bilər”.

Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirildi: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Məktub yaxın günlərdə parlamentə ünvanlanacaq və hesab edirəm ki, parlamentdə bu qərara yaxın günlərdə baxılacaq”.

Ə.Əhmədov vurğulayıb: "Parlamentin buraxılmasında qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Burada söhbət Azərbaycanda həyata keçirilən islahatların daha əhatəli olmasından gedir. Dünyanın bütün ölkələrində növbədənkənar parlament seçkiləri keçirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti