...

Fransa beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın xarici siyasəti və müasir inkişafı haqqında məlumatlandırılıb (FOTO)

Siyasət Materials 8 Yanvar 2020 20:35 (UTC +04:00)
Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində bu ölkənin qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Fransa beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın xarici siyasəti və müasir inkişafı haqqında məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində bu ölkənin qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb və “Azərbaycanın xarici siyasəti və müasir inkişafı” mövzusunda məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, H.Hacıyev qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, iqtisadiyyat, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Ötən ay ölkəmizdə bələdiyyə seçkilərinin uğurla baş tutduğunu, fevralın 9-da parlament seçkilərinin keçiriləcəyini bildirən Prezidentin köməkçisi ictimaiyyət arasında seçkilərə böyük marağın olduğunu bildirib və seçki prosesinin azad, ədalətli keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. O, bir sıra beynəlxalq təşkilatların müşahidə missiyalarının artıq Bakıda işə başladığını diqqətə çatdırıb.

Azərbaycanın çoxistiqamətli xarici siyasət yürütdüyünü bildirən Hikmət Hacıyev ölkəmizin xarici siyasətini formalaşdıran amillər və xarici siyasət prioritetləri barədə ətraflı danışıb. O, Azərbaycanın xarici siyasətdə kənarlaşdırıcı deyil, inklüziv yanaşmanı rəhbər tutduğunu bildirərək, bu gün Azərbaycanın dünya dövlətləri ilə faydalı əməkdaşlıq qurduğunu qeyd edib.

Prezident Administrasiyasının rəsmisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, iki ölkə arasında son dövrlərdə aparılan danışıqlar prosesi barədə də auditoriyanı məlumatandırıb. O, Ermənistanın işğala əsaslanan status-kvonu möhkəmləndirməyə çalışdığını və ziddiyyətli bəyanatlarla danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.

Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edən Prezidentin köməkçisi hər iki tərəfin bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Mühazirədə, həmçinin Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri, habelə ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olması, bu il Azərbaycan qazının TANAP və TAP kəmərləri vasitəsilə Avropaya çatdırılacağı, o cümlədən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti barədə danışılıb.

Sonda H.Hacıyev tədbir iştirakçılarının müxtəlif mövzularda çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti