Bakı. İlhamə İsabalayeva - Trend:
VI çağırış Milli Məclisə seçkilər kəskin rəqabət şəraitində, azad, sərbəst, demokratik və şəffaf keçdi. Çoxlu namizədlərin olması buna sübut idi. Seçkinin nəticəsi xalqın iradəsini tam olaraq özündə əks etdirir.
Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, çoxpartiyalılıq prinsipi əsasında formalaşan parlamentə müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq qadın Milli Məclisə Sədr seçildi.
Bunu olduqca mühüm hadisə sayan deputat əlavə edib ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunması ölkəmizdə siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır: "Parlamentin tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament cənab Prezidentimiz İlham Əliyevin liderliyində ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək".