...

Hikmət Babaoğlu: Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, koronavirusa qarşı mübarizədə birlikdə güclü olmağı bacarmalıdır

Siyasət Materials 21 Mart 2020 10:10 (UTC +04:00)
Hikmət Babaoğlu: Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, koronavirusa qarşı mübarizədə birlikdə güclü olmağı bacarmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik nitqində bir sıra mühüm məsələlərə toxundu. Onların hər biri olduqca aktual olmaqla bərabər, həm də məzmun etibarilə hazırkı milli çağırışlar kontekstində vacib idi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, ilk növbədə Novruz bayramını milli bayramımız və milli sərvətimiz adlandıran Prezident bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsinin mümkün olmadığını dilə gətirdi və qeyd etdi ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır:

"Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, koronavirusa qarşı mübarizədə birlikdə güclü olmağı bacarmalıdır. Prezident daha sonra ölkəmizdə həyata keçirilən islahatlar və bu prosesin dönməz olduğuna işarə edərək islahatların cəmiyyətdə zaman-zaman kök atmış bəzi neqativ ənənələri birdəfəlik olaraq ictimai-siyasi və iqtisadi həyatımızdan çıxaracağı ilə bağlı fikirlərini bildirdi. Prezident qeyd etdi ki, ölkəmizin inkişafı vətəndaşlarımıza yeni sosial rifah gətirəcək, sosial islahatlar paketinin 4,2 milyon vətəndaşımızı əhatə etdiyi bir zamanda bu islahatlar davamlı olacaq.

H.Babaoğlu qeyd edib ki, islahatlar mövzusunda ən vacib istiqamətlərdən birini şərh edən Prezident İlham Əliyev ölkəmizdə keçirilən son parlament seçkilərini şərh edərək yeni tərkibdə yeni Milli Məclisin formalaşdığını və parlamentdə yeni siyasi konfiqurasiyanın yarandığını ifadə etdi:

"Siyasi islahatların gətirdiyi yeni şərtlər, bütövlükdə ölkəmizdə tamamilə fərqli dialoq və əməkdaşlıq mühiti yaradıb. Bu da hazırkı mürəkkəb beynəlxalq şərtlər fonunda milli enerjini milli maraqlar istiqamətində səfərbər etmək üçün olduqca münbit zəmin formalaşdırıb. Ancaq bəzi marjinal qruplar özlərini siyasi sistemin daxilli müstəqil aktoru kimi deyil, onun autsayderləri kimi aparırlar. Bu da onların xaricdən direktivlər alması ilə izah oluna bilər.

Deputat vurğulayıb ki, belə qruplaşmaların fəaliyyəti milli maraqlarımız baxımından izah edilən və başadüşülən deyil:

"Bu vəziyyət yalnız yeni "beşinci kalon" yaratmaq cəhdləri kimi səciyyələndirilə bilər ki, bu da yolverilməzdir. Ona görə də Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, yeni siyasi konfiqurasiyada satqın, xain "beşinci kolon"un nümayəndələrinə yer olmayacaq. Azərbaycan satqınlardan, xainlərdən, "beşinci kolon"un nümayəndələrindən təmizlənir və təmizlənməlidir"

Deputat əlavə edib ki, əslində bu fikirlər hazırkı mərhələdə ölkəmizə qarşı xarici siyasi iradənin diqtəsilə təşkilatlanmaq istəyən marjinal qruplara verilən bir ismarıc kimi qiymətləndirilə bilər:

"Çünki önümüzdə yeni qlobal çağırışlar yeni tarixi mərhələ yaratmaqdadır. Biz də öz milli maraqlarımızı bu çağırışlarla uzlaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoymağı bacarmalıyıq. Ona görə də bu gün milli birlik və bərabərlik ideyaları hər cür siyasi iddiadan yüksək olmalı, növbəti inkişafımızı təmin etmək üçün siyasi sistemimizin bütün daxili aktorları öz güclərini dövlətçilik maraqlarımız ətrafında səfərbər etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti