...

Arzu Nağıyev: Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in nəticələrini heç kim qəbul etmədi

Siyasət Materials 15 Aprel 2020 13:56 (UTC +04:00)
Arzu Nağıyev: Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in nəticələrini heç kim qəbul etmədi

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in nəticələrini heç kim qəbul etmədi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində ermənilər yenə də öz mənfur siyasətini yeritməkdə davam edirlər:

"Bu il Ermənistan işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər" keçirdi, bu "seçkilər"in nəticələri heç bir beynəlxalq qurum tərəfindən tanınmadı. Bu da Azərbaycan diplomatiyasının növbəti uğuru və Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində Dağlıq Qarabağda qondarma "seçkilər"in nəticələrini heç kim qəbul etmədi. Əfsuslar olsun ki, bəzi beynəlxalq qurumlar yenə də öz ikili standartlarından əl çəkmirlər. Avropa Şurası Parlament Assambleyası işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" ilə bağlı hər hansısa bəyanat vermədi. Onların bəyanatı əhəmiyyət kəsb etmir, bir kağız parçasından fərqlənmir. Avropa Şurasında cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar".

Deputat bildirib ki, 2020-ci ildə Azərbaycanın xarici və daxili siyasətində əsas prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.

A.Nağıyev, həmçinin qeyd edib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev çox mühüm məsələlərə toxunub və çıxışında müvafiq istiqamətlərdə tövsiyələrini verib:

"Azərbaycan üçün 2020-ci il ümumilikdə uğurla başlayıb, hazırda da islahatlar davam edir. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünya iqtisadiyyatı tənəzzülə uğradı. Bu proses Azərbaycandan yan keçə bilməzdi. Neftin qiymətinin kəskin azalması və digər məsələlər tam olmasa da, dolayı yolla Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Bu prosesdə daşınmalarla bağlı problemimiz olmasa da, iqtisadiyyatda bəzi təsirlər müşahidə olundu".

Deputatın sözlərinə görə, Azərbaycan hökuməti koronavirusla bağlı vaxtında və zəruri qabaqlayıcı tədbirlər həyata keçirdi və bu sahədə çox müsbət nəticələr əldə olundu:

"Təbii ki, bu, pandemiyanın pik nöqtəsi deyil. Bu müddət ərzində Azərbaycan hökumətinin bütün lazımi tədbirləri bu prosesdən az itki ilə çıxmağa hesablanıb. Azərbaycan vətəndaşının sağlamlığı, ölkə əhalisinin rifahı qarşıya qoyulan ən mühüm məsələlərdir. Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür. Məlum məsələdir ki, Azərbaycan bu prosesdə öz gücünə arxalandı. Əvvəlcədən aparılan islahatlar, büdcədə yaradılan imkanlar nəticəsində Azərbaycan heç bir kənar yardım olmadan, öz resurslarından istifadə etməyə başladı".

Prezident İlham Əliyevin prioritet təşkil etməyən xərclər barədə fikirlərinə münasibət bildirən A.Nağıyev deyib ki, dövlət başçısı bu istiqamətdə də ixtisarların olacağını istisna etməyib:

"Həm xarici investisiya, həm də digər məsələlərdə bu mümkündür. Bu gün xarici investisiyalara yenidən baxılmalıdır. Azərbaycan iqtisadiyyatında müasir texnologiyalardan istifadə edərək yeni gəlir mənbələri aşkarlamaq da mühüm məsələdir. Məlum məsələdir ki, ötən il büdcəyə proqnozdan əlavə daxilolmalar olub. Əsas məqam ondan ibarətdir ki, bu vəziyyətdə əziyyət çəkən vətəndaşların problemləri həll olunmağa başlayıb. Təxminən 600 mindən artıq vətəndaş dövlət dəstəyindən yararlandı. Bundan başqa, sosial yardım alan ailələrin sayı 70 mindən çoxdur. Cənab Prezident bir daha vurğuladı ki, 2020-ci il islahatların davamı ili olacaq, demokratik inkişaf istiqamətində önəmli addımlar atılacaq. Siyasi islahatlar, eyni zamanda qanunverici orqanlardakı islahatların əhəmiyyəti artıq göz qabağındadır".

A.Nağıyev əlavə edib ki, bu prosesdə hər şeyin pisini görməyə çalışan anti-milli qüvvələr də var:

"Onları nə müxalifət, nə də iqtidara qarşı qüvvə adlandırmaq olar. Onlar bütövlükdə dövlət və dövlətçiliyə qarşıdır. Düşünürəm ki, Azərbaycan xalqı da bunu dərk edir. Azərbaycanın 2020-ci ildə beynəlxalq uğurları da az olmayıb. Cənab Prezident bu istiqamətdə də çox mühüm addımlar atıb və uğurlu nəticələr əldə olunub. Bu addımlardan sonra Azərbaycana sərmayə qoyuluşu çoxalıb, böyük şirkətlərin Azərbaycana marağı artıb. Hesab edirəm ki, bu ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar olunmayacaq. Bu istiqamətdə də çox mühüm addımlar atılacaq, sərmayə qoyuluşları davam etdiriləcək, orta əmək haqqı və inflyasiyanın tənzimlənməsi məsələləri diqqətdə saxlanılacaq. Ümumilikdə, bu ilin üç ayının yekunları təqdirəlayiq və müsbət tendensiyalı hesabat idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti