Bakı. Ceyhun Ələkbərov - Trend:
ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkiləri” tanımayaraq bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, qondarma “seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndirdi:
"Təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş ərazisində apardığı qondarma “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır".
Q.Paşayeva Avropa Şurasında cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələrin Azərbaycana düşmən gözü ilə baxdıqlarını qeyd edib və xalqımızı dövlətimizin, Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşməyə çağırıb:
"Bu gün Azərbaycan dünyanın ən nüfuzlu platformalarında təmsil olunur. Beynəlxalq platformalarda Azərbaycanı tanıyır, hörmət edirlər. Ölkəmiz bu nüfuza müstəqil siyasət yürütməklə nail olub. Prezident İlham Əliyev iştirak və çıxış etdiyi mötəbər tədbirlərdə xalqımızın mənafeyini ifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında inamlı və ardıcıl mübarizə aparır".
Deputat onu da vurğulayıb ki, Avropa Şurası uzun illərdir Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir:
"Bu qurum işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" ilə bağlı hansısa bəyanat yaymadı. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu təşkilatın hansısa bəyanatı əhəmiyyət kəsb etmir və adi bir kağız parçasından fərqlənmir. Burada cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar".
Q.Paşayeva qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın etməklə bərabər, təcavüzkarların uzun illər ərzində uydurduğu yalanlara son qoydu:
"Bütün dünya canlı efir vasitəsilə Ermənistanın və onun rəhbərinin iç üzünü gördü”.