Bakı. Ləman Zeynalova - Trend:
İsveçrə işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i etibarsız hesab edir.
Trend-in məlumatına görə, bu barədə İsveçrə Federal Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş verbal notasında deyilir.
Sənəddə qeyd olunur: "İsveçrə bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini ifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"ə münasibət bildiriən İsveçrə Federal Xarici İşlər Nazirliyi verbal notasında vurğulayıb ki, bu qondarma "seçkilər"i etibarsız hesab edir".
Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1991-ci ilin sonlarında Ermənistan hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldular. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.