...

Milli Məclis qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə AŞ PA-ya etiraz məktubu göndərib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Aprel 2020 11:14 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) etiraz məktubu göndərib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, AŞ PA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur:

"Mən son on il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam, həmin qurumun Büro üzvü və Komitə sədri kimi fəaliyyət göstərmişəm. Bu dövr ərzində mən və mənim hörmətli həmkarlarım bir çox hallarda qurumda ölkəmizə qarşı qərəzli münasibətin şahidi olmuşuq. Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələrin Azərbaycana böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini dəfələrlə müşahidə etmişik. Mən deyərdim ki, bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də artıq onların maraqlarını müdafiə ediblər. Bu gün isə Parlament Assambleyasının qondarma “Dağlıq Qarabağ”dakı cinayətkar rejimin keçirdiyi saxta "seçkilər"ə münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Hesab edirəm ki, bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir. Ona görə də, biz AŞPA-nın bu davranışını qəti şəkildə pisləyirik və bununla əlaqədar Milli Məclis tərəfindən Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərilmişdir".

Spiker, həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər:

"Azərbaycanda milli mənafedən, dövlətçilik maraqlarından çıxış edən bütün sağlam müxalifət partiyaları bu dialoqda iştirak edir, prosesə töhfə vermək üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı çıxış edən bəzi marginal qruplar bu dialoqdan imtina edib, xarici amilə bel bağlayıblar. Dövlətə qarşı düşmənçilik edən belə qrupların əsl məqsədi ölkəmizdə gərginlik yaratmaqdır. Özlərinə radikal müxalifət adını verən bu cür dağıdıcı qüvvələr hətta bütün bəşəriyyəti sarsıdan pandemiyadan və koronavirusdan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, xalqımız bu cür davranışları görür və onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə pisləyir. Azərbaycan xalqının mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti