Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin BMT baş katibinə ünvanlanmış Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qondarma “seçkilər” barədə 15 aprel 2020-ci il tarixli məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi qismində dərc edilib.
Trend-in məlumatına görə, məktubda qeyd olunur ki, qondarma “seçkilər”in 31 Mart 1918-ci ildə ermənilər tərəfindən törədilmiş Azərbaycanlıların Soyqırımı Gününün ildönümündə keçirilməsi təsadüfi deyil:
“Şübhəsiz ki, bu cür addımlar etimadsızlığın daha da dərinləşməsinə, cüzi sülh və barışıq perspektivlərinin azalmasına xidmət edəcək”.
Sənəddə, həmçinin vurğulanıb ki, bu qondarma "seçkilər" bütün dünyada koronavirus pandemiyasının yayılmasına baxmayaraq keçirilib:
“Bunun nəticəsi olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusa ilk yoluxma faktı qondarma “seçkilər”dən dərhal sonra qeydə alınıb. Sözügedən qondarma “seçkilər” tam qeyri-legitimlik şəraitində keçib. Bu, Azərbaycan ərazilərinin davam edən hərbi işğalı və etnik təmizləmələrlə, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, eləcə də beynəlxalq norma və prinsiplərin pozulması ilə əlaqədardır. Qondarma “seçkilər”i tanımaqdan imtina etməklə dünya ictimaiyyəti bir daha özünün Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin tanınmaması ilə bağlı ardıcıl və prinsipial mövqeyini nümayiş etdirdi”.
Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.