Bakı. Trend:
Dubayda qalan azərbaycanlılar vətənə qayıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdaçağı gözlənilir.
Koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, martin 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.
Əldə olunan məlumata görə, həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.
Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduğumuz müddətdə dövlətimizi maddi və mənəvi olaraq yanımızda hiss etdik. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.