Bakı. Trend:
Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq hərbi təxribat törədən Ermənistan silahlı qüvvələrinin qarşısı ölkəmizin qüdrətli ordusu tərəfindən layiqincə alındı, təcavüzkar dövlət növbəti dəfə iflasa düçar olaraq öz məkrli niyyətinə çata bilmədi.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib:
Bundan sonra informasiya platformasında dezinformasiya və manipulyasiyalar vasitəsilə yeni təxribatçı hərəkətlərə yol verərək kiberterrora əl atan Ermənistan növbəti dəfə fiaskoya uğradı. Özündə terror elementlərini ehtiva edən hərəkətləri ABŞ-da və Avropanın bəzi ölkələrində dinc azərbaycanlı aksiyaçılara və ölkəmizin diplomatik nümayəndəliklərinə hücumla davam etdirən ermənilər öz radikal və aqressiv mahiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdilər. Xüsusilə də, baş vermiş hadisələr son hadisələrin fonunda azərbaycanlıların fəallığı erməni lobbsinin mürtəce simasını növbəti dəfə ifşa etdi. Beləliklə, Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı çətin sınaq qarşısında qoydu, hətta tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz vəziyyətdə qaldı.
Bu uğursuzluq hərb və informasiya müstəvisində iflasa düçar olmuş Paşinyanı yeni addım atmağa vadar etdi və beləliklə, o, “çıxış yolu”nu Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparmaqda gördü. Rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfərin işdən kənarlaşdırılması artıq erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını göstərməklə yanaşı, Ermənistan rəhbərliyinin siyasi isterika içində bütün inzibatı resursları səfəərbər etdiyini göstərir. İşğalçı ölkə mətbuatı da Paşinyanın psixoloji məğlubiyyət sindromundan əziyyət çəkdiyini, eyni zamanda, Ermənistan cəmiyyətinin narazılığı nisbətən azaltmaq üçün Diaspor Komitəsinin şöbə müdirlərini günahkar kimi təqdim etdiyini yazır. İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar getdikcə artmaqdadır. Hətta hakimiyyət daxilində ziddiyyətlər konfrantasiya səviyyəsinə çatıb. Belə ki, Paşinyan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanla ciddi mübahisə edərək onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.
Beləliklə, işğalçı ölkədə həm hakimiyyət dairələri erməni lobbisinin Azərbaycan diasporu qarşısında aciz və məğlub duruma düşməsindən ciddi narahatdırlar. Paşinyan isə manevrlərlə həm diqqəti yayındırmağa, həm də məğlubiyyətin “günahkarlar”ını cəzalandırmağa çalışır. Bütövlükdə, Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məblubiyyətin şokunu yaşayır. Məğlubluq sindromu isə hakimiyyət böhranını dərinləşdirməklə yanaşı, Paşinyana qarşı ictimai-siyasi narazılıqların artmasını və yeni etiraz dalğasının meydana çıxmasını şərtləndirir.