Bakı. Trend:
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağa və ətraf rayonlarına qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Elə son günlər sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycanın tarixi şəhəri olan Şuşada yerləşdirməsi haqda yayılan məlumatlar da bunun təsdiqidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.
Onun sözlərinə görə, Ermənistanın bu siyasəti onlar üçün heç bir mənəvi dəyərin qalmadığının göstəricisidir. Digər dövlətlər kimi, Azərbaycan da Livanda baş verən faciənin nəticələrininin aradan qaldırılması məqsədilə bu ölkəyə yardım edir, Ermənistan isə adəti üzrə faciədən də öz maraqları üçün istifadəyə çalışır. Livandan olan erməniləri Şuşada yerləşdirməklə Ermənistan Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Ancaq elə Ermənistan rəhbərliyi də bu siyasətin nəticəsiz qalacağına əmindir. Onlar yaxşı anlayırlar ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdikləri qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur:
"Ermənistanın bəzi Orta Şərq ölkələrindən Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni köçürməyə cəhd etməsi ilk dəfə deyil. Qanunsuz məskunlaşma faktı, ATƏT-in 2005-ci il faktaraşdırıcı missiyasının hesabatlarında da qeyd olunub. Belə ki, işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırma missiyası göndərən ATƏT, həmin hesabatlarda ermənilərin Qarabağa qanunsuz şəkildə köçürülməsini bir daha təsdiqləyib".
O.Əsədov bildirib ki, Ermənistanın bu siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasında da göstərilir ki, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir:
"ATƏT-in Minsk Qrupu baş verənlərə münasibət bidirməli, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma prosesinə dərhal reaksiya göstərməlidir".