...

Deputat: Makronun mövqeyi ATƏT-in Minsk qrupunun beynəlxalq mandatına ziddir

Siyasət Materials 3 Oktyabr 2020 18:07 (UTC +04:00)
Deputat: Makronun mövqeyi ATƏT-in Minsk qrupunun beynəlxalq mandatına ziddir

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərə-Tərtər istiqamətində gedir. Bu mübarizəni güclü ordumuz və cəsur əsgərlərimiz öz canları bahasına aparır. BMT-nin, o cümlədən ATƏT-in Minsk qrupunun üzvü kimi Fransan Prezidenti Makronun Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün geniş səlahiyyətləri, imkanı var idi. Lakin tarixi ədaləti, BMT qətnamələrinin icrasını təmin etmədi.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Fransa Prezidentinin mövqeyi ATƏT-in Minsk qrupunun beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır:

“Çünki ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. Burada xüsusi bir nüans var. Bizim tənqidimiz, haqlı iradımız Fransa ilə bağlı deyil, Makronla bağlıdır. Azərbaycanın Fransa ilə dostluq münasibətləri yüksək səviyyədədir. Azərbaycan-Fransa strateji münasibətləri çərçivəsində Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.

Makron yəqin bilir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə indiyə qədər kağız üzərində qalır. Halbuki, həmin qətnamələrin icrasını təmin etmək üçün BMT çox geniş səlahiyyətlərə malikdir. BMT Nizamnaməsinin 41-ci maddəsinə əsasən, Makron Ermənistana təzyiq göstərə bilərdi. Bu təzyiq iqtisadi, dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılması, diplomatik münasibətlərin kəsilməsi ilə bağlı ola bilərdi. Fransa Prezidenti Makron ATƏT Minsk Qrupunun üzvü kimi bu təşəbbüslə çıxış edə bilərdi, lakin etmədi və ya bacarmadı.

Bunun əvəzində Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə və siyasətdə sistemli təxribatlar etdi və etməkdədir. Bu təxrəbatilar Makron üçün kifayət deyildimi?

Bu gün biz tarixi ədaləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edirik. Xalqımız əmindir ki, biz mütləq qalib gələcəyik, torpaqlarımız işğaldan tam azad olunacaq. Bu gün Azərbaycan vətəndaşları cəsarət göstərirlər, bütün hərbi hissələrimizdə ruh yüksəkliyi var.

Onu da bildirim ki, bizim mübarizəmiz beynəlxalq hüquq çərçivəsindədir. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanması üçün zəruri olan tədbirlər görülənə qədər, Azərbaycan fərdi və ya kollektiv formada özünümüdafiə hüququnu tam həyata keçirə bilər. Ona görə də, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və biz beynəlxalq hüquq çərçivəsində əks-hücum əmaliyyatları həyata keçiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti