Bakı. Trend:
Atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində səsləndirib.
Dövlət başçısı bildirib:
"Atəşkəsi istəyən Ermənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, - bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, - biz də dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni zamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin".