Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Trend-in məlumatına görə, qanunla “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı” hissəsinin sonuna aşağıdakı məzmunda yeni hissə əlavə edilir:
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı.”.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilir.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilir.
X X X
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.