...

Qələbə Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir - İsa Həbibbəyli

Siyasət Materials 10 Dekabr 2020 15:46 (UTC +04:00)
Qələbə Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir - İsa Həbibbəyli

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla iştirakı ilə qalib ölkə kimi keçirdiyi Qələbə Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.

Bunu Trend-ə AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük tarixi hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmamış, ümummilli əhəmiyyət kəsb etməyib:

"Dağlıq Qarabağda və ətraf ərazilərdə qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi zəfər, “Bir millət – iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü daha böyük gələcək zəfərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan ordusunun qazandığı Böyük Zəfər Günü xalqımıza daha və ölkəmizə böyük zəfərlər vəd edir".

Akademik qeyd edib ki, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əliyev ilk növbədə Azərbaycan Respublikasını iqtisadi cəhətdən inkişaf etdirilmiş ölkə səviyyəsinə çatdırmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş şəkildə böyük inkişafa nail olmağı təmin etmişdir.

İ.Həbibbəyli əlavə edib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırıb.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, planetimizdə etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da Qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Qarabağ – Vətən müharibəsində beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin qazanılmasının əsas faktorlarından biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti