Bakı. Trend:
Şəxsiyyətləri tarix yetişdirdiyi kimi, şəxsiyyətlər də tarix yaradır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də tarixin yetişdirdiyi, eyni zamanda özü tarix yaradan şəxsiyyətdir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, bu gün tarix yazan, tarixin anını dəyişən cənab Prezidentin ad günüdür. Xalqımızın Qarabağ həsrətinə son qoymaqla, müharibədə zəfərimizi təmin etməklə Müzəffər Ali Baş Komandan Azərbaycan tarixində yeni səhifə açdı. Dünya var olduqca şərəflə vərəqlənəcək, dönə-dönə oxunacaq şanlı səhifə:
44 günlük Vətən müharibəsində qazanılan qələbə düşüncələrdə özünə yer etmiş məğlub və natamamlıq kompleksini aradan qaldırdı.
"10 dekabr 2020-ci il tarixdə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən müasir, ən güclü ordularından biri olduğunu nümayiş etdirdi.
Cənab Prezidentimiz 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında verdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” vədinə əməl etdi. Bu il dekabrın 10-da həmin günün şahidi olduq. Və bu Zəfər Paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarda əbədi qalacaq".
Deputat qeyd edib ki, vaxtilə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev “ Vaxt gələcək Azərbaycan dünyaya bir günəş kimi parlayacaq” demişdi. Artıq biz həmin günləri yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir günəş kimi dünyaya parlayır. Bu gün hər birimiz Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini fəxrlə, qürurla söyləyirik:
"Bu qüruru bizlərə yaşadan Ali Baş Komandan, Prezident, Qarabağ Zəfərinin memarı İlham Əliyevi ad günü münasibətilə təbrik edir, Azərbaycanın gələcək inkişafı və tərəqqisi naminə möhkəm can sağlığı və uğurlar arzu edirəm!"