...

Tofiq Yaqublu kimilərin yanaşması Azərbaycana qarşı düşmənçilikdən başqa bir şey deyil - Partiya sədri

Siyasət Materials 26 Dekabr 2020 14:55 (UTC +04:00)
Tofiq Yaqublu kimilərin yanaşması Azərbaycana qarşı düşmənçilikdən başqa bir şey deyil - Partiya sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Özünü radikal müxalifət kimi təqdim edən Tofiq Yaqublunun 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi barədə dedikləri təkcə siyasi hədəfsizlik nümunəsi deyil, bu, həm də anti-azərbaycançılıq yanaşmasıdır.

Bunu Trend-ə Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Tofiq Yaqublunun xəstə zehniyyətə əsaslanan fikirləri Azərbaycana düşməncəsinə baxışdan başqa bir şey deyil:

“Bu qədər şəhidin, qələbədə əziyyəti olmuş bu qədər insanın zəhmətini, qanını yerə vuran, qələbəni hansısa ölkənin adına yazan, Prezidentin bu qədər zəhmətini yerə vuran adamdan bu xalq, dövlət nə gözləyə bilər? Bu adam necə azərbaycanlı ola bilər?

Tutaq ki, bunun ehtimalı ilə götürsək, Putin bizə dəstək verib. Nəyi pisdi? Nəticə nədi? Nəticə Qarabağın azad edilməsi deyilmi? Bəs, siz Qarabağın azad edilməsini istəmirdiniz? Azərbaycan bu torpaqları azad edib. Siz buna sevinmirsiniz? Yəni bunların bu xəstə zehniyyətinin dəyişmədiyini gördükcə adam həqiqətən dəhşətə gəlir, çünki bu gün söhbət təkcə torpaqların azad olunmasından getmir, ölkənin gələcəyindən gedir ki, bu cür zehniyyət sahibləri hələ də siyasi arenada fikir bildirməyə çalışırlar.

Bunlar anlamırlar ki, başqa bir mövzuda fikir bildirmək olar, hansısa problemlə, nöqsanla bağlı, amma Qarabağın azad olunması barədə bu cür fikirlər bildirmək xəstə zehniyyətin təzahürüdür. Təsəvvür edin ki, bunlar torpaqların azad olunmasına sevinmirlər. Yəni deyirlər ki, siz niyə torpaqları azad etmisiniz? Bu, biabırçılıqdır, bu, sadəcə yanlış zehniyyətin ortaya qoyduğu bir düşüncə tərzi deyil, bu, düşməncəsinə öz dövlətinin gələcəyinə səhv siyasi baxışlarla yanaşmadır. Bu da olduqca təhlükəlidir”.

F.Mustafa bildirib ki, bu cür yanaşmaya müxalifətçilik deyilməz, buna başqa ad verilməlidir, çünki bu, müxalifətçilik yanaşması ola bilməz:

“Bir düşünün ki, hakimiyyətdə sizin kimilər olsaydı, bu torpaqların bir qarışı azad edilə bilərdimi? Prezident İlham Əliyevin bu tarixi dövrdə Azərbaycan xalqı üçün etdiyini görməzdən gəlmək sadəcə nankorluqdur. Bu, Azərbaycana düşməncəsinə baxışdan başqa bir şey deyil. Ona görə də bu zehniyyət sahibləri bir də götür-qoy etməlidir. Bu cür yanaşma Azərbaycanın gələcəyi üçün olduqca təhlükəlidir. Mən bu zehniyyətin nə qədər məğlubiyyətə düçar olduğunu görürəm. Bu yanlış yoldur və Azərbaycanın taleyi üçün təhlükəlidir. Ona görə də sağlam fikirli insanlar bu zehniyyətə qarşı fikirlərini ortaya qoymalıdırlar, biz çalışmalıyıq ki, Azərbaycan cəmiyyəti bu qələbənin dəyərini doğru anlasın, doğru qiymətləndirsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti