...

Vətən müharibəsində qələbə Prezident İlham Əliyevin uzun illərdir apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir - Deputat

Siyasət Materials 31 Dekabr 2020 12:48 (UTC +04:00)
Vətən müharibəsində qələbə Prezident İlham Əliyevin uzun illərdir apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Prezident İlham Əliyevin uzun illərdir apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Ermənistan üzərində mütləq qələbəsi ilə Azərbaycan regionda yeni bir reallıq yaratdı, ölkəmizin bundan sonrakı iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafı istiqamətində yeni bir səhifə açdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, bu qələbənin ölkəmiz üçün ən mühün tarixi naliyyəti ondan ibarət oldu ki, 30 ilə yaxın müddət ərzində pozulan ərazi bütövlüyümüz və sərhədlərimiz bərpa olundu:

“Azərbaycan beynəlxalq təşkilatların 30 ildə çözə bilmədiyi münaqişəni 44 gün ərzində öz gücü hesabına həll etdi. Bununla Azərbaycan həmçinin BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan qətnamələrini icra etmiş oldu. Azərbaycan dünya tarixində beynəlxalq təşkilatın qətnamələrini öz gücü hesabına həyata keçirən nadir ölkələrdən biri kimi düşdü”.

Deputat bildirib ki, Azərbaycan ərazilərinin bərpası, həmin ərazilərin yenidən ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi iqtisadi inkişafımıza mühüm töhfə verəcək: “Azərbaycanın işğaldan azad edilmiş əraziləri həm yeraltı, həm də yerüstü təbii sərvətlərlə zəngin ərazilərdir, o cümlədən əsrarəngiz təbiəti ilə turizmin inkişafı üçün geniş imkanlar açır. O cümlədən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün münbit torpaq sahələrinin olması bu sahənin də inkişafına mühüm töhfə verəcək”.

Deputat vurğulayıb ki, Vətən müharibəsində qələbəmiz ölkəmizin həm də qlobal müstəvidə nüfuzunu və təsir imkanlarını xeyli artırmış oldu:

“Artıq regionda yeni reallıq, yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaranıb və bu reallığı öz gücü ilə Azərbaycan yaratdı. Azərbaycan üçün artıq yeni bir dövr başlayır və bu dövr ölkəmizin həm siyasi-diplomatik, həm də iqtisadi sahədə yeni uğurların əldə edilməsi ilə zəngin olacaq bir dövrdür. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, dəqiq hesablanmş strategiyası, gərgin əməyi, qəti və prinsipial mövqeyi sayəsində mümkün oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti