...

Beynəlxalq Türk Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Əməkdaşlıq Memorandumu imzalayıb (FOTO)

Siyasət Materials 30 Dekabr 2020 10:25 (UTC +04:00)
Beynəlxalq Türk Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Əməkdaşlıq Memorandumu imzalayıb (FOTO)

Bakı. Trend:

Beynəlxalq Türk Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Əməkdaşlıq Memorandumu imzalayıb. İmzalama mərasimində Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçi baş katibi Rövşən Muradov, baş katibin I-ci müavini İlahə İbrahimli və Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli iştirak edib.

Trend-in məlumatına görə, R.Muradov mərkəzin məqsədi və fəaliyyəti barədə məlumat verərək bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şəxsiyyətin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərir. Təşkilat beynəlxalq miqyasda maddi-mənəvi irsin öyrənilməsi istiqamətində fəaliyyət göstərən qurumlarla münasibətlərin qurulmasında maraqlıdır və Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq da bu zərurətdən doğur.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli də öz növbəsində Nizami Gəncəvi kimi Türk dünyası və bütün insanlıq üçün böyük bir şəxsiyyətin, dahi şair, mütəfəkkirin adını daşıyan, onun irsinin araşdırılması və dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən bir təşkilatla əməkdaşlıqdan məmnun olduğunu ifadə edib. O bildirib ki, 2021-ci ildə böyük mütəfəkkirin 880 illiyi tamam olur və Türk Akademiyası dahi şairin yubileyinin beynəlxalq səviyyədə keçirilməsi üçün təşkilatın növbəti il üçün tədbirlər planına daxil edib.

Akademiya rəhbəri Nizami Gəncəvi Mərkəzinin dünyada tolerantlığın və multikulturalizmin təşviqi istiqamətində keçirdiyi tədbirlərdə iştirak etdiyini, xüsusilə 2017-ci ildə Prezident İlham Əliyevin məhz Mərkəzin təşkil etdiyi V Bakı Qlobal Forumunda onu Azərbaycanın ali mükafatlarından biri – “Dostluq” ordeni ilə mükafatlandırmasını məmnunluqla xatırladığını bildirib. Dünyanın nüfuzlu şəxslərin toplandığı Nizami Gəncəvi Mərkəzinin üzvlərinin Azərbaycanın ən yaxın dostları olduğunu vurğulayıb.

D.Kıdırəli həm Nizami Gəncəvi Mərkəzinin həm də Türk Akademiyasının beynəlxalq səviyyəli tədbirlərdə təcrübəsinin mövcudluğunu, mərkəzin təşkil etdiyi Bakı Qlobal Forumunun və BTA-nın ənənəvi şəkildə UNESCO-nun himayəsi altında Parisdə keçirdiyi beynəlxalq forumların bunun ən əyani göstəricilərindən biri olduğunu qeyd edib. O, pandemiya problemi aradan qalxacağı təqdirdə, Nizami Gəncəvinin yubileyini UNESCO-da beynəlxalq səviyyədə birlikdə qeyd etməyi təklif edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi 2021-ci il Nizami Gəncəvinin 880 illiyini birgə qeyd etməyə, bu prosesə Mərkəzin də tərəfdaşlarını cəlb etməyə hazır olduqlarını vurğulayıb.

Memorandumun imzalanması mərasimində BTA Prezidenti Darxan Kıdırəliyə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nişanı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti