...

Prezident İlham Əliyev: Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu

Siyasət Materials 1 Fevral 2021 18:09 (UTC +04:00)
Prezident İlham Əliyev: Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu

Bakı. Trend:

Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik. Çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.

Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu.

- Cənab Prezident, biz həm də Azərbaycanın bu preventiv, eyni zamanda, mübarizə tədbirlərinin beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildiyinin şahidi olmuşuq, müxtəlif aparıcı beynəlxalq qurumlar bu barədə öz fikirlərini ifadə ediblər. Hətta mübarizədə “Azərbaycan modeli” ifadəsindən də bəzi hallarda istifadə olunurdu. Bu barədə fikirlərinizi bilmək istərdik.

-Bəli, bu, bizi, əlbəttə, çox sevindirir. Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti