...

Ermənistan "İskəndər" raketini necə əldə edib? - Açılmamış cinayət

Siyasət Materials 5 Aprel 2021 21:00 (UTC +04:00)
Ermənistan "İskəndər" raketini necə əldə edib? - Açılmamış cinayət

Bakı. Alpər Ziya - Trend:

44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutdu. Xüsusən də Gəncə, Bərdə, Tərtər və Mingəçevir şəhərlərinə böyük dağıdıcı qüvvəyə malik raketlər atıldı. Bu səbəbdən, çoxlu sayda mülki insan həlak oldu və yaxud yaralandı. Bütün bunlar Ermənistan ordusu tərəfindən müharibə dövründə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunduğu sübut etdi.

Bir neçə gün əvvəl Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər” raketinin qalıqlarının tapılması isə Ermənistanın müharibə cinayətlərinin düşünüldüyündən də dərin olduğunu ortaya çıxardı. Baxmayaraq ki, Ermənistan hərbi və siyasi dairələri bu məsələdə “nala-mıxa vurdular”. Onlar gah Azərbaycan ərazisinə “İskəndər” reketinin atıldığını, gah da atılmadığını iddia etdilər. Nəhayət, baş Nazir Nikol Paşinyanın timsalında “İskəndər” raketi atılıb, lakin 10 faizi partlayıb” kimi bəyanatın verilməsi tərəddüdlərə son qoydu və Ermənistanın müharibə dövründə “İskəndər” raketindən istifadə etdiyi rəsmən etiraf olundu. Sonradan Paşinyan özü də bunu etiraf etdi və “İskəndər”in istehsalçısı olan Rusiyanın qəzəbinə tuş gəlməmək üçün guya ona yanlış məlumat verildiyini bəyan etdi.

Daha sonra Rusiya tərəfi də müharibədə “İskəndər” raketindən istifadə olunmadığını bildirdi. Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda qeyd edilib ki, Qarabağda münaqişə zamanı “İskəndər” raketlərindən istifadə olunmayıb. Amma qalıqların tapılması bu açıqlamanı şübhə altına salır.
ANAMA bildirir ki, tapılan qalıqlara əsasən, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda mediaya da nümayiş etdirilib.

Maraqlısı budur ki, Şuşa şəhərində və onun ətrafında tapılan raket “İskəndər - M” markalıdır. Amma açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər - E” raket kompleksi verib (“İskəndər - E” ilə müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir-red). Sual olunur, əgər Rusiya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması nə ilə izah oluna bilər? Ermənistan bu silahı haradan və necə əldə edib? Qeyri-rəsmi yolla kim verib ona bu silahı?

Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət edək: “Ermənistana “İskəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İskəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın”.

Beləliklə, Azərbaycan ərazisinə “İskəndər” raketinin atılması artıq heç kimə sirr deyil. Bu, cinayət əməli olmaqla Ermənistanın və onun arxasında duran qüvvələrin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin, hətta onları pozmaqdan çəkinmədiyinin göstəricisidir. Beynəlxalq qurumlar Ermənistanı bu kimi əməllərdən çəkindirməlidirlər. Həmçinin, bu müharibə cinayətlərinin açılması təmin edilməlidir. Əks təqdirdə, bu cəzasızlıq mühiti gələcəkdə bəşəriyyət üçün daha böyük bəlalara səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti