...

Ermənilərin azərbaycanlılara qarşı nifrəti nəsildən-nəslə təlqin edilib - Politoloq

Siyasət Materials 6 May 2021 10:20 (UTC +04:00)
Ermənilərin azərbaycanlılara qarşı nifrəti nəsildən-nəslə təlqin edilib - Politoloq

Bakı. Trend:

“Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair” hesabatda da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən tarixi faktlarla, dəlil və sübutlarla detallı şəkildə göstərilib.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, ermənilər tarixboyu azərbaycanlılara qarşı nifrət hissi duyub, müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirib, bununla kifayətlənməyib bizə psixoloji basqı, silahlı hücumlar ediblər. Tarixi faktlar da sübut edir ki, Azərbaycan torpaqlarını parçalamaq, özlərinə etnik dayaq yaratmaq, Azərbaycan türklərinin Osmanlı imperiyası ilə əlaqələrinin güclənməsinin qarşısını almaq üçün məqsədli şəkildə tarixi torpaqlarımıza hər il daha çox erməni köçürülmüşdür:

“Beləliklə də, tarix boyu xarici havadarlarından dəstək görən Ermənistan, ermənilər, əslində, alət kimi istifadə olunmuşlar. Bu siyasətin nəticəsi kimi 20 faiz torpağımız işğal olunmuş, 1 milyondan artıq soydaşımızın fundamental hüquqları tapdalanmışdı.

Hərbi və mülki əhaliyə fərq qoymadan sadəcə insanlarımıza qarşı deyil, Xeyriyyə cəmiyyəti binası, İsmailliyə binası kimi daha neçə-neçə inzibati əhəmiyyətli binalarımıza, tarixi abidələrimizə, məscidlərimizə olan hücumlar göstərir ki, ermənilərin azərbaycanlılara qarşı nifrəti sadəcə bir nəsil şəcərəsi ilə məhdudlaşmır, onların bizə qarşı olan nifrəti nəsildən-nəsilə ötürülərək düşmənçilik həddinə çatıb.

Ermənilər o dərəcədə tarixi saxtalaşdırmaqla məşğul olublar ki, ərazi iddiaları sadəcə Azərbaycana qarşı deyil, digər region ölkələrinə qarşı da baş qaldırıb. Nifrət hissi ökənin birinci şəxslərinin çıxışlarında, siyasi elitanın dilində də ehtiva olunmuşdur. Şovinist Zori Balayan öz stolustü “Ocaq” kitabında bu vəhşilikləri qürurla qələmə alıb. Arutunyan bizə qarşı olan düşmənçilik hisslərini “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı ilə öz xalqına təlqin edib. Mart soyqırımı, Xocalı soyqırımı, Ağdaban, Başlıbel, Ballıqaya faciəsi azmış kimi 2011-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən 9 yaşlı azərbaycanlı Fariz Bədəlov və eyni ildə Şahmalıyeva Aygün Zirəddin qızı qətlə yetirilmişdir. Haqq savaşımız zamanı, 44 günlük müharibə çərçivəsində Gəncə və Bərdədə mülki əhalimiz qətlə yetirilib, mədəni və dini abidələrimiz yerlə-yeksan edilib”.

Politoloq bildirib ki, baxmayaraq ki, BMT, Avropa Şurası və digər müvafiq nüfuzlu beynəlxalq təşkilatlar işğala son qoyulması ilə bağlı sənədlər qəbul ediblər Ermənistan bunlara məhəl qoymayıb, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayıb Elə Ermənistanın bu cəzasızlıq sindromunun nəticəsidir ki, onlar daha da azğınlaşıblar.

Xaricdə yaşayan havadarlarının dəstəyi ilə Ermənistan siyasi rəhbərliyi, ekstremist qrupları istər milli, istərsə də beynəlxalq səviyyədə uzun illər anti-Azərbaycan siyasəti həyata keçiriblər. Ermənistanda anti-azərbaycan kampaniyasına dövlət himayəsi var. Belə ki, yüksək ranqlı məmurlar, siyasətçilər xalq qarşısında çıxışları zamanı nifrət toxumları səpən fikirlər səsləndirməkdən çəkinmirlər. Azərbaycanlıya, türkə nifrəti sadəcə azyaşlı uşaqlara aşılamaqla kifayətlənməyib, mətbuatda və “Tik tok”, “Youtube”, “Instagram” kimi sosial şəbəkələrdə nifrət hissləri ilə dolu olan fikirlər təkcə sadə erməni xalqı tərəfindən deyil, erməni liderləri və siyasətçiləri tərəfindən də səsləndirilib. Belə ki, müharibə dövründə azərbaycanlılara qarşı Naira Zohrabyan, Lilit Gyozalyan və s. kimi erməni əsilli siyasətçilərinin düşmənçilik zəminində nifrət nitqi ilə əhaliyə səslənməsi Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycanın mülki şəxslər yaşayan ərazilərində müharibə cinayəti törətməsinə zəmin yaratdı. Elə Koçaryanın 2003-cü ildə dediyi “Azərbaycanlılar və ermənilər “etnik baxımdan uyğunsuz” idilər və Qarabağdakı erməni əhalinin Azərbaycan dövləti daxilində yaşaması qeyri-mümkün idi” fikri bu nifrət dolu fikirlərdən yalnız biridir.

Bütün bu məsələlər “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair” hesabatda da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən tarixi faktlarla, dəlil və sübutlarla detallı şəkildə göstərilib”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti