Bakı. Trend:
Azad olunan Şuşa yenidən qurulur və əminik ki öz xüsusi yeri olan Şuşa tam bərpa edildikdən sonra çiçəklənəcək və inkişaf edəcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, Şuşa həmişə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub:
"Hələ 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Bu qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Ancaq Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və bununla da şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi.
Əgər 1992-ci il mayın 8-də Şuşanın işğalı ilə Birinci Qarabağ müharibəsinin müqəddəratı həll olunmuşdusa, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə müharibənin taleyi bəlli oldu, tarixi qələbə qazandıq.
Azərbaycan xalqı Şuşanın işğaldan azad ediləcəyinə həmişə inanıb. Elə ulu öndərin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” fikri hər zaman xalqımızda bu torpaqlara qayıdacağımız inamını formalaşdırmışdı.
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan digər torpaqlarımız kimi Şuşa da işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Şuşanın işğaldan azad olunduğunu bəyan etdi.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyən cənab Prezident verdiyi bütün vədlər kimi bu sözünə də əməl edir. Möhtəşəm qələbədən sonra iki dəfə Şuşaya səfər edən dövlətimizin başçısı Şuşanın əvvəlkindən də gözəl olacağını vurğulayıb.
Artıq Şuşa dirçəlir. Elə Prezident İlham Əliyevin mayın 7-də “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı Şuşaya bundan sonra da göstəriləcək diqqət və qayğının bariz nümunəsidir.
Artıq Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri Şuşaya qaytarılıb. Vaqifin məqbərəsində bərpa işləri başlanıb. Məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.
Bir sözlə, azad olunan Şuşa yenidən qurulur və əminik ki öz xüsusi yeri olan Şuşa tam bərpa edildikdən sonra çiçəklənəcək və inkişaf edəcək".