...

Koçaryan seçkiqabağı özü kimi hiyləgər mexanizmlərə və qeyri-leqal yollara əl atır - Politoloq

Siyasət Materials 11 İyun 2021 17:49 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanda erkən parlament seçkiləri yaxınlaşdıqca namizədlərin bir-birilərini qarşılıqlı ittihamları, günahlandırmaları davam edir. Koçaryan seçkiqabağı özü kimi hiyləgər mexanizmlərə və qeyri-leqal yollara əl atır. Acınacaqlı durum ondan ibarətdir ki, gərgin seçkiqabağı proses sadəcə namizədlərlə kifayətlənmir. Belə ki, bir neçə gün öncə Ermənistanın Gümrü şəhərində baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında sözlü mübahisə kütləvi davaya çevrilimişdi.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənovanın sözlərinə görə, görünən odur ki, başlarına dəyən “dəmir yumruq” olan-qalan ağıllarını da yerə töküb ki, artıq yumruq-təpik davasına keçiblər: “Bu azmış kimi, seçki kampaniyası və onda istifadə olunan alətlər elə namizədlərin özləri kimi bir o qədər iyrənc sima və görkəm alır. Belə ki, əvvəlcə bu haqda mətbuatdan əldə olunan bəzi faktları diqqətə çatdırmaqda fayda var. Məsələn, KİV-dən məlum olur ki, bəzi bölgələrdə illərdir kəndlilərə edilməyən maliyyə yardımları indi edilməyə başlayıb ki, bunun da məqsədi seçkiqabağı insanları şirnikləndirərək seçkidə nə yolla olur-olsun səs qazanmaq üçün onları ələ almaqdan ibarətdir.

Özü də bu taktika bir namizədin təbliğat və təşviqat kampaniyası ilə məhdudlaşmır. Əgər əvvəlcə Paşinyanın əsas rəqibi hesab edilən eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku hakimiyyəti seçicilərə rüşvət verməkdə günahlandırırdısa, sonrakı məqamlarda məlum olur ki, Koçaryanın özü də bu taktikaya əl atır və bu mexanizm məhz elə Koçaryan tərəfindən formalaşdırılıb və “dövriyyəyə buraxılıb.

Belə ki, etdiyi korrupsiya əməlləri ilə maliyyə imkanlarını genişləndirən və digər namizədlərə nisbətən üstün maliyyə rıçaqları olan Koçaryan bu məsələdə heç bir məsrəfdən çəkinməyərək bu işə böyük miqdarda pul xərcləyir ki, bunun da yalnız bir adı var, o da seçicilərin rüşvətlə ələ alınması və onun lehinə olacaq ya da ola biləcək səslərin qarantiyalanması”.

Politoloq əlavə edib ki, Koçaryan Sarkisyanla bərabər yaratdıqları Qarabağ klanından illərlə olduğu kimi, yenə öz xeyrinə və şəxsi ambisiyaları üçün istifadə edir: “Belə ki, işğal zamanı qanunsuz olaraq Ermənistan pasportu verdikləri Qarabağ ermənilərini seçkilərə cəlb edir. Bununla yanaşı, nüfuzlu və varlı rus oliqarxlarının və erməni əsilli sahibkarların çoxu da Koçaryana güvənir. Məlum məsələdir ki, onların da aralarında qarşılıqlı maraq mövcuddur. Heç şübhəsiz ki, Koçaryan seçkilərdə özünün seçiləcəyi təqdirdə o oliqarxlara da müəyyən vədlər verib.

Ermənistanın hazırkı acınacaqlı vəziyyəti barədə elə özlərinin bəzi yerli kütləvi informasiya vasitələrinin də dediyi kimi “Ermənistan sahibsiz, başsız ölkədir”. Bir tərəfdə xaotik vəziyyətə düşmüş dövlət, digər tərəfdə çaşqınlıq içərisində boğulan cəmiyyət və daha dəhşətlisi ilə bundan şəxsi maraqlarını maksimum təmin etməyə çalışan və seçki öncəsi özü kimi olduqca hiyləgər mexanizmlərə və qeyri-leqal rıçaqlara əl atan Koçaryan”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti