Bakı. Trend:
Bu gün Azərbaycanın taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi – 15 İyun – Milli Qurtuluş günüdür.
1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.
Müstəqilliyinin ilk illərində Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində hökm sürən siyasi böhran, xaos Azərbaycanı ciddi təhlükələrə sürükləyirdi. Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqı bu təhlükədən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi. Xilaskarklıq missiyası yerinə yetirən Ulu öndər bütün təhlükələrin qarşısını aldı.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan qurtuluş missiyasına qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, daha sonra Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiyanın qəbulu ilə ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.
Azərbaycanda bütün sahələrdə tərəqqi və dirçəliş baş verdi. Qazanılan bütün nailiyyətlər, əldə edilən bütün uğurlar ölkəmizi məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Bu il xalqımız tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin də ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ümummilli Liderin bu arzuları artıq reallaşıb. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
İnanırıq ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth edəcək, işğaldan azad edilmiş Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Oqtay Əsədov
Milli Məclisin deputatı