...

6-lıq formatı bölgəyə sabitlik və inkişaf gətirə bilər - Politoloq

Siyasət Materials 17 İyun 2021 20:19 (UTC +04:00)
6-lıq formatı bölgəyə sabitlik və inkişaf gətirə bilər - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

Həm Azərbaycan, həm də Türkiyə tərəfi regionda yaranmış yeni reallıqlar fonunda bütün iqtisadi əlaqələrin bərpasının, nəqliyyat dəhlizlərinin açılmasının vacibliyini hər zaman dilə gətirirlər. Şuşa bəyannaməsi imzalanarkən Zəngəzur dəhlizinin açılmasının önəmini bildirən cənab Prezident İlham Əliyev bir daha dünyaya mesaj vermiş oldu ki, Azərbaycan da, Türkiyə də regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə əslində bütün regionun inteqrasiyasında maraqlıdır.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, bu məsələ qardaş ölkənin və Azərbaycan xalqının sevimli siyasi fiquruna çevirilən hörmətli Rəcəb Tayyip Ərdoğanın həm Şuşada Şuşa bəyannəməsi imzalanarkən etdiyi çıxışında, həm də Milli Məclisin xüsusi iclası zamanı söylədiyi nitqində də öz əksini tapdı ki, Ermənistanın bu çağırışlara adekvat və müsbət reaksiya verəcəyinə ümid edirik: “Rəcəb Tayyip Ərdoğan xüsusilə bildirdi ki, Zəngəzur dəhlizindən ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya çıxa biləcəklər, onlar özləri də özlərini nə qədər əngəllədiyini görəcəklər. Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan, İran və Ermənistanın yer alacağı altılıq əməkdaşlıq platformasından bütün region dövlətləri və xalqları faydalanacaqlar. 6-lıq formatı bölgəyə sabitlik və inkişaf gətirə bilər.

Bütün əməkdaşlıq ideyalarında Rusiya da var və Rusiyanın dövlət başçısı Vladimir Putin də bütün layihələrə açıqdır. Eyni zamanda, Gürcüstanın bəzi suallarının olmasına baxmayaraq, hörmətli Ərdoğan Gürcüstanın baş naziri ilə son səfəri zamanı da bu əməkdaşlıq platfomasının faydalarını izah etdiyini bildirdi”.

Politoloq vurğulayıb ki, Türkiyənin və Azərbaycanın yürütdüyü qətiyyətli, eyni zamanda gələcək inkişaf perspektivləri də özündə ehtiva edən uzaqgörən siyasət bütövlükdə Cənubi Qafqaz regionun dirçəldilməsinə istiqamətlənib: “Mövcud və potensial inkişaf perspektivlərindən kənarda qalmamaq üçün Ermənistan müvafiq addımlar atmalıdır. Zəngəzur dəhlizin açılmasının, altılıq əməkdaşlıq platformasının reallaşdırılmasının illərlə özünü təcrid edib, öz səhvləri ucbatından qonşularla münasibətləri pisləşdirən Ermənistana, onun xalqına olan faydaları saymaqla bitməz.

Biz bir daha sübut edirik ki, həm Azərbaycan, həm Türkiyə dövləti yıxıcı, dağıdıcı deyil, qurucudur, əl uzadandır. Bundan sonra Ermənistan düzgün qərarlar verərək bu əməkdaşlıq perspektivlərindən yararlanmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti