...

Prezident İlham Əliyev: Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı

Siyasət Materials 13 İyul 2021 15:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı

Bakı. Trend:

Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük. Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq.

Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti