...

Qarabağ zəfəri dünyada döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdi - Türkiyəli ekspert

Siyasət Materials 27 Sentyabr 2021 16:17 (UTC +04:00)
Qarabağ zəfəri dünyada döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdi - Türkiyəli ekspert

Bakı. Trend:

27 sentyabr İkinci Qarabağ müharibəsinin başlanma ildönümüdür. Düz bir il əvvəl erməni silahlı qüvvələri Azərbaycana qarşı təxribat hücumlarına başladı. Lakin onlar bunun nəticəsini təxmin etsəydilər, bu döyüşə girməzdilər. Erməni təxribatlarına qarşı ötən il sentyabrın 27-də Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları noyabrın 10-dək davam etdi. 44 gün ərzində yaşanan müharibə Ermənistan üçün böyük fəlakətlə nəticələndi.

Bunu Trend-ə müsahibəsində İstanbul Rumeli Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər doktorantı, ekspert Erdem Eren deyib.

O bildirib ki, müharibə nəticəsində Azərbaycan 1991-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytardı: “Hər şeydən əvvəl Qarabağ müharibəsi qanını və canını verən bütün Azərbaycan türklərinin zəfəri olsa da, bu, başda Türkiyə olmaqla, canı ilə, silahı ilə və duaları ilə Azərbaycanın yanında olan bütün türk dünyasının ortaq zəfəridir”.

Ekspertin sözlərinə görə, ilk növbədə, Azərbaycan beynəlxalq hüquqa əsasən, özünə aid olan torpaqları Ermənistan işğalından azad edib, ona görə də Azərbaycanın apardığı Vətən müharibəsi hər baxımdan qanunidir: “Ermənistan Dağlıq Qarabağ bölgəsini işğal etməklə yanaşı, illər ərzində terrorçu yanaşma ilə Azərbaycana qarşı sərhədyanı hücumlar da reallaşdırıb".

Erdem Eren qeyd edib ki, Türkiyənin Azərbaycana göstərdiyi dəstək həm müharibənin gedişatına, həm də nəticəsinə böyük təsir göstərib. Xüsusilə, pilotsuz uçuş aparatları və Türkiyə müdafiə sənayesinə aid müasir silahlar Qarabağ müharibəsində Azərbaycan tərəfinə böyük üstünlüklər təqdim edib”.

E.Eren əlavə edib ki, Türkiyə-Azərbaycan ittifaqı ilə əldə olunan Qarabağ zəfəri bütün dünyada döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdi: “Türkiyə pilotsuz uçuş aparatlarının döyüş meydanındakı uğurunu və gücünü görən bir çox dövlətlər ordularını bu silahlarla gücləndirməyi planlaşdırmağa başlayıb. Belə ki, Liviya, Qətər və Ukrayna artıq bu texnikanın istifadəsinə başlayıb, Polşa, Macarıstan, Mərakeş, Malayziya, Qazaxıstan və Pakistan bununla bağlı Türkiyə ilə danışıqlar aparır. Xüsusilə, Balkan regionunda bu texnologiyaya maraq həddən çoxdur. Bolqarıstan, Serbiya və Albaniya da Türkiyənin pilotsuz uçuş aparatlarını almaq niyyətini bildiriblər. Albaniya bunun üçün 8 milyon avro vəsait ayırdığını da bəyan edib”.

Onun sözlərinə görə, geri alınan torpaqların sosial-iqtisadi və təhlükəsizlik infrastrukturu inkişaf etdirilməli və xüsusən də Zəngəzur dəhlizinin reallaşdırılması sürətləndirilməlidir. Zəngəzur dəhlizi Azərbaycan üçün önəmli olduğu qədər, Balkan regionundan Türküstana qədər kəsintisiz dəhliz yaradılması baxımından da vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti