...

İranın Ermənistanla ötən əsrdən bəri dəyişməyən qardaşlığı - ŞƏRH

Siyasət Materials 5 Oktyabr 2021 14:46 (UTC +04:00)
İranın Ermənistanla ötən əsrdən bəri dəyişməyən qardaşlığı - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində Azərbaycan əsl dostunun, qardaşının kim olduğunu yaxşı gördü. Bir də üzdə dost kimi davranıb, arxada düşmən mövqe tutanları da yaxşı gördük. Təəssüflər olsun ki, söhbət dünyanın hər hansı bir uzaq nöqtəsindəki ölkədən deyil, düz qulağımızın dibində olan İrandan gedir. Özü də bu mövqeyi biz yox, illər ərzində etdiyi davranışlarla İran özü formalaşdırdı.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, İranın Azərbaycanla sərhəddə təlimlər keçməsi, öz texnikasını vurub sıradan çıxartması İran ordusunun “qüdrətindən” xəbər verir:

“Bu təlimlərin 30 ildən sonra, işğala son qoyulduqdan sonra keçirilməsi Azərbaycan cəmiyyətində və bütün dünya azərbaycanlılarında haqlı və əsaslı suallar doğurursa, dünya mediasında, sosial şəbəkələrdə bu işə ucuz şou kimi baxılır.

İranın Ermənistanla olan yaxın münasibətlərini, sadəcə indi deyil, əvvəlki dövrlərdə də dəstək verməsini, onların 90-cı illərdə İrana görə yaşaya bilmələri faktını erməni rəsmiləri dəfələrlə ifadə ediblər. İşğal siyasətinin başında duran Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyirdi: “İran bizim üçün nəfəslik rolunu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”. Sonradan bu fikirləri fərqli formada cani, Xocalı soyqırımını törədən, əli günahsız körpələrin qanına batmış Koçaryan da ifadə edirdi.

Bu ötən əsrə aid faktlardısa ən son, 4 oktyabr 2021-ci il tarixli faktı da vurğulamaqda fayda var. Belə ki, Ermənistanın “newsarmenia” nəşri elə dünən - 4 oktyabr 2021-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri ilə görüşündən xəbər verdi ki, bu görüş əsnasında səfir Tehranın qardaş Ermənistanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməyə çalışacağını vurğuladı. Deməli, siyasi xətt ötən əsrdən bu yana birdir- "qardaş xətti"".

Politoloq qeyd edib ki, İran Ermənistana ötən əsrdən bəri dəyişməyən qardaş “düz xətt” siyasəti yürüdür:

“O ki qaldı, İranının hansısa əyalət mollalasının ağzını açıb, gözünü yummasına, Azərbaycana qarşı iftiralar uydurmasına, ola bilər onların gözü erməni sevdası səbəbilə tutulub, Azərbaycan xalqının isə gözü açıqdır, şüurlu xalqdır. Kimin dost, düşmən olduğunu, hansısa amillərdən istifadə etməklə Azərbaycanda bölücülük salmaq istədiyini də aydın bilir. İran işğal zamanı torpaqlarımızda olan daşları belə daşıyaraq apardı. İllər ərzində İran Ermənistana nəinki təzyiq etmədi, əksinə başına sığal və tumar çəkdi. İşğal dövründə Ermənistanla iqtisadi layihələr həyata keçirdi.

Azərbaycan isə heç bir zaman öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Azərbaycan bununla əlaqədar olaraq ən yüksək səviyyədə mövqe səsləndirib. İran hamıya Qərbə, Şərq, islam ölkələrinə, xristian ölkələrinə düşmən kimi yanaşır. Özünə bir dost saydığı ölkə var, o da Azərbaycan tərəfindən rəzil şəkildə məğlub edilən Ermənistan. Məscidlər dağıdılanda, orada donuz saxlanılaraq İslam təhqir olunanda harda idi bu adının yanına İslam sözünü düzüb qoşan ölkə? Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti kimi əhalisi az olan ölkə Ermənistanla diplomatik əlaqələr qurmurdular. İran isə...”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkədir:

“Xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Bu günə qədər heç bir ölkəyə öz daxili işlərimizə qarışmağa imkan verməmişik. Bundan sonra da buna cəhd edənlər öz layiqli cavablarını alacaqlar. Odur ki, İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında mütləq qaydada bu reallıqları nəzərə almalıdırlar.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirdiyi kimi “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti