...

Azərbaycanın yaratdığı yeni reallıq bəzi ölkələri narahat edir - Deputat

Siyasət Materials 6 Oktyabr 2021 20:43 (UTC +04:00)
Azərbaycanın yaratdığı yeni reallıq bəzi ölkələri narahat edir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın yaratdığı yeni reallıq bəzi ölkələri narahat edir. Onlar bu narahatlıqlarını müxtəlif formada büruzə verirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, son günlər İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar da bununla bağlıdır: “Yeni reallıq isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda əməkdaşlığın, sülhün davamlı olması üçün yeni perspektivlər yaradıb. Bu isə Azərbaycanın güclənməsi və regionun gələcək geostrateji mənzərəsini təyin etməsi deməkdir. Qonşu İran rəsmilərinin səsləndirdiyi fikirlər isə həm də bu reallığın təhrif olunmasıdır.

Eyni zamanda, İsrail-Azərbaycan münasibətlərini önə çəkərək məhz bu münasibətlər üzərindən Azərbaycanı ittiham etməsi həm də siyasi manipulyasiyadır. Çünki İranla Azərbaycanın tarixən dostluq münasibətləri olub. Hazırda İranın demoqrafik strukturu və sosioloji göstəriciləri imkan vermir ki, bəzi İran rəsmiləri öz ambisiyalarını Azərbaycana qarşı birbaşa səsləndirsinlər. Çünki bu, İran xalqı tərəfindən də qəbul edilməz. Ona görə də İsraili bəhanə edərək bunun üzərindən Azərbaycana ittihamlar irəli sürürlər. Bu, tamamilə əsassızdır.

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda yerli sakinlərlə görüşən zaman qətiyyətlə bunu rədd etdi və dedi ki, biz sübutlar tələb edirik. Hər kəsə aydındır ki, belə sübutlar yoxdur.

Prezident regionun gələcəyi ilə bağlı çox mühüm bir məsələyə toxununaraq qeyd etdi ki, biz ilkin mərhələdə qardaş Türkiyənin 3+3 formatında əməkdaşlıq platforması təklifinə dərhal dəstək verdik və region dövlətlərini bu əməkdaşlıq platformasına qoşulmağa çağırdıq, ancaq hazırda vəziyyət elədir ki, kim buraya qoşulacaqsa, qoşulsun, qoşulmayacaqsa, özü bilər, əsas məsələ ondan ibarətdir ki, regionumuzda sülhün təminatçısı qismində Rusiya-Türkiyə münasibətləri dayanır.

Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördtərəfli əməkdaşlıq platforması regionun, əslində, gələcəyini təyin edəcək. Ermənistan bu platformaya qoşulmalıdır. Çünki onun başqa çarəsi yoxdur. Regional reallıq bundan ibarətdir və yaxşı olar ki, regionun digər aktyorları bu gerçəkliyi qəbul etsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti