...

Prezident İlham Əliyev: Azərbaycan xalqı bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu

Siyasət Materials 10 Oktyabr 2021 12:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan xalqı bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu

Bakı. Trend:

Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar. Səfərbərliklə bağlı hərbi komissarlıqların qabağında minlərlə gənc könüllü olaraq döyüşə getmək istəyirdi. Bəzilərinə deyilirdi ki, ehtiyac yoxdur, inciyirdilər. Mənə nə qədər məktub gəldi ki, məni qoymurlar gedim, Ali Baş Komandan, xahiş edirəm mənə icazə verin. Yaralılar yaraları sağalmadan durub döyüşə gedirdilər. Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Məhz Qələbənin səbəbi budur.

Əlbəttə, bütün başqa amillərlə bərabər, hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün fəxr edir, haqlı olaraq fəxr edir, hamımız fəxr edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti