...

Qlobal Bakı Forumu vaksin ədalətsizliyinin həllinə kömək edəcək - Robert Sekuta (ÖZƏL)

Siyasət Materials 4 Noyabr 2021 15:15 (UTC +04:00)
Qlobal Bakı Forumu vaksin ədalətsizliyinin həllinə kömək edəcək - Robert Sekuta (ÖZƏL)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Qlobal Bakı Forumu qeyri-bərabər vaksinasiya probleminin həlli yollarının tapılmasına kömək edəcək.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qlobal Bakı Formunun faydası ondan ibarətdir ki, burada sabiq baş nazirlər, prezidentlər, yüksək vəzifəli diplomatlar, müxtəlif sahələr üzrə ekspertlər toplanır və bizim bu gün üzləşdiyimiz başlıca problemlərin müzakirəsinə yol açır: "Biz COVID-19-dan sonrakı dünya haqqında danışırıq. Bizim səhiyyə ilə bağlı problemlərimiz var, iqtisadiyyatda, neft və qazın tədarükündə qüsurlar mövcuddur. ABŞ-da vaksin kifayət qədərdir, amma Afrikada yalnız üç faiz əhali tam vaksinlənib. Bunlar həll edilməli olan ciddi problemlərdir və bu platforma həll yollarını tapmaqda kömək edəcək".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti