...

Bu möhtəşəm qələbə Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir - Tamam Cəfərova

Siyasət Materials 8 Noyabr 2021 14:21 (UTC +04:00)

Bakı. Trend:

Düz bir il əvvəl Prezident, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Və bunun adı Vətən müharibəsidir. Bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyinin əhəmiyyətini vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, xalqın güc və birlik rəmzinə çevrilmiş “dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.

T.Cəfərova qeyd edib ki, Vətən müharibəsində azərbaycanlı kimliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.

Azərbaycanın tarixi qələbəsi birliyimizin yenilməz gücünü ortaya qoydu. Bu baxımdan siyasi partiyalar arasındakı birlik və həmrəyliyi də xüsusilə vurğulamalıyıq. Beləki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.

T. Cəfərova bildirib ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq, iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.

Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edir. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.

Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti