...

MDB-nin qeyri-rəsmi sammiti: Azərbaycan nə gözləməlidir?

Siyasət Materials 28 Dekabr 2021 13:23 (UTC +04:00)
MDB-nin qeyri-rəsmi sammiti: Azərbaycan nə gözləməlidir?

Bakı. Cani Babayeva - Trend:

Bu gün Sankt-Peterburqda MDB üzv ölkələrinin rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü üçün növbəti imkanı təqdim edir. Liderlər arasında son görüş dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilib. Görüşün yekunları ilə bağlı Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan baş naziri ilə 5 saata yaxın davam etmiş müzakirələr konstruktiv mühitdə keçib. MDB ölkə rəhbərlərinin görüşü hər iki ölkəyə qalan məsələlərin həllində irəliləmək üçün növbəti platforma təqdim edir.

Rusiyalı politoloq Darya Qrevtsovanın Trend-ə bildirdiyi kimi, liderlərin MDB sammitində iştirakı onların ilin yekunlarını qiymətləndirməyə və gələn il üçün birgə planları müzakirə etməyə imkan yaradacaq.

“Əlbəttə ki, qarşıda çox məsələlər dayanır, ilk növbədə, ölkələrin bu il də üzləşdiyi çağırışlar koronavirus pandemiyası və onunla mübarizədir. Bu məsələdə birgə səylər çox şey ifadə edir”, - deyə o bildirib.

Politoloq hesab edir ki, tədbir çərçivəsində böyük ehtimalla, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.

“Biz bilirik ki, Paşinyan artıq sülh müqaviləsinin imzalanmasını təkzib etməyi dayandırıb, kommunikasiyaların açılmasına və sərhədin delimitasiyası və demarkasiyası üzrə konkret məsələlərin müzakirəsinə hazırdır. Azərbaycan və Ermənistan liderlərinin müzakirə üçün mövzuları var – bu, Zəngəzur dəhlizi, sərhədlə bağlı məsələlərdir, həmçinin gələn il də baş verməməsi üçün sərhəddəki insidentlərin müzakirəsi mümkündür”, - politoloq deyib.

Onun sözlərinə görə, N.Paşinyan Ermənistanın iqtisadi artımını və inkişafını istəyir, ona görə də bu imkanı yalnız iqtisadi blokadanın qalxmasında və kommunikasiyaların açılmasında görür.

“Ona görə də onun üçün Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq vacibdir. Amma Paşinyan həm də Qərb qarşısında qərbyönümlü siyasətçi kimi də görünmək istəyir. Yəqin ki, həm Rusiya ilə əməkdaşlığa hazır olduğunu, hansısa tələbləri yerinə yetirə biləcəyini göstərəcək, həm də Qərblə əməkdaşlıq etmək, onlardan müəyyən imtiyazlar almaq niyyətindədir. Yəni demək olar ki, Paşinyan eyni anda iki stulda oturmağa çalışır. Bunu etmək əlbəttə ki, çətin olacaq, amma görək, bu onun üçün gələn il nə qədər səmərəli olacaq. Rusiya ilə əməkdaşlıq olmadan Ermənistanın iqtisadi inkişafı çətindir. Onun başlıca qonşusu, həm də iri erməni icmasının yaşadığı ölkə Rusiyadır. Onlar oradan öz ölkələrinə vəsaitlər yollayır, ona görə də Rusiya ilə əlaqə çox vacibdir. Qərblə münasibətlər əlbəttə ki, mühümdür, amma Rusiyasız Paşinyana öz hədəflərini yerinə yetirmək asan olmayacaq”, - D.Qrevtsova deyib.

Rusiyalı siyasi texnoloq Dmitri Solonnikovun sözlərinə görə, MDB artıq yarandığı vaxtdakı kimi SSRİ irsini bölüşmək üçün planlaşdırılan qurum deyil.

“İndi MDB SSRİ-nin dağılmasından sonra yaranmış dövlətlər arasında münasibətlərin tənzimlənməsinin vahid qaydalarının yaradılmasını nəzərdən keçirən inteqrativ institutdur. Bu baxımdan bugünkü görüşdən gözləntilər məhz bu məqamlarla bağlıdır. Görüş Yeni il ərəfəsində olduğu üçün hər hansı prinsipial, gərgin və ağrılı mövzuların olması gözlənilmir. Amma bir sıra istiqamətlər, xüsusilə də gündəlikdəki məsələlər üzrə müzakirələr olacaq”, - deyə o bildirib.

D.Solonnikov qeyd edib ki, görüş zamanı inteqrasiya əlaqələrinin inkişafı müzakirə oluna bilər və bu baxımdan Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü mümkün ola bilər.

“Paşinyanın Ermənistanın Azərbaycanla müqavilənin imzalanması istiqamətini dəstəkləməsini deməsi onu göstərir ki, Cənubi Qafqazdakı ağrılı düyün həllini tapmağa başlayacaq və bu istiqamətdə addımlar reallaşdırılacaq. Burada əvvəllər müzakirə olunmuş bütün tədbirlər kompleksi yer alır – həm sərhədin demarkasiyası, dəqiq xəritələrin saxlandığı Rusiya Baş Qərargahında mütəxəssislərin işi və bundan sonra, böyük ehtimalla yazda-yayda ərazidə aparılacaq işlər. Bütün bunların texniki təşkili dekabrın 28-də müzakirə oluna bilər”, - ekspert deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti